Yeni mövsümün əvvəlində komandalar Avrokuboklarda mübarizəyə başlayır. UEFA Avropa Liqasında iştirak edən yeganə təmsilçimiz “Zirə” yarışın birinci təsnifat mərhələsindəki ilk oyun üçün Moldovaya yollanıb. Komanda Tirasspol şəhərində yerli “Şerif” kollektivinin qonağı olacaq. Təmsilçimiz oyundan əvvəl təşkil olunan sonuncu məşq prosesini başa vurub. Futbolçularımız vacib qarşılaşmaya tam hazır vəziyyətdədir. Oyundan əvvəl təşkil olunan ənənəvi mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da görüşlə bağlı fikirlərini bildirib. O, qarşılaşmanın heç də asan keçməyəcəyindən bəhs edib:“Şerif”in heyətində yeni oyunçular var. Bu mənada bəzi dəyişikliklər gözləyirik. Hər iki komanda meydanda bir-birinə sürətli şəkildə uyğunlaşmalıdır. Azarkeşlər üçün maraqlı oyun olacaq. Mövsümün ilk rəsmi matçı və hava şəraitinin isti olmasına baxmayaraq, sürətli futbol görəcəyik”.

R.Sadıqov hazırkı heyətin onu tamamilə qane etdiyini söyləyib: “Futbolçularımın hər birindən razıyam. Təlim-məşq toplanışında hamı istəkli və həvəsli idi. Hər kəs meydanda olmaq istəyir. Ehtiyatda olanlar da hər zaman oyunu gücləndirməyə hazırdırlar. Planda daha bir neçə transfer var. Bunun nə dərəcədə alınacağını zaman göstərəcək. Yeni oyunçular ala bilməsək belə, bu heyətlə növbəti mövsümdə də qarşımıza qoyulan hədəflərə çatacağımıza inanıram. Mənim üçün heyət, futbolçunun adı, çıxış etdiyi əvvəlki klublar önəmli deyil. Əsas odur ki, komandam möhkəm olsun. Bundan sonra nəticə özü gələcək”.

Qeyd edək ki, Tirasspol şəhərinin “Şerif” Arenasında keçiriləcək “Şerif” – “Zirə” matçı bu gün Bakı vaxtı ilə saat 21-də başlanacaq. Qarşılaşmanı Alessandro Dudiçin rəhbərlik etdiyi isveçrəli hakimlər briqadası idarə edəcək.